Naxçıvan Şahmat Mərkəzində 15 sentyabr – Bilik Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə tempo turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirdə 62 məktəbli iştirak edib.
İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda Qənbərov Yusif birinci, Quliyev Fərəməz ikinci, Qasımlı Rail isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.
Turnirdə yaş kateqoriyaları üzrə də qaliblər müəyyənləşib. 8 yaş kateqoriyasında Ələkbərli Məhəmməd, 10 yaş kateqoriyasında Məhəmməd Rza, 12 yaş kateqoriyasında Məmmədov Həsən, 14 yaş kateqoriyasında isə Rəhimli Həşim birinci olublar. Qızlar arasında Rzayeva Xanım, ən kiçik iştirakçı nominasiyasında isə Abbasbəyli Dəniz fərqlənib.
Turnirin keçirilməsində məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların məntiqi düşünmə və strateji qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də Bilik Gününü idman tədbiri ilə qeyd etmək olub.